Bakıda kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib - CİNAYƏT İŞİ

Bakıda kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib -  CİNAYƏT İŞİ backend

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Mahmud həyat yoldaşı Şəlaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahmudun arvadı Şəlalə ilə 11 fevral 2023-cü ildə saat 7 radələrində mübahisəsi yaranıb. O, arvadından su gətirməsini istədikdə belə cavab alıb: “Dur rədd ol, get suyu özün iç, mən sənə su gətirə bilmərəm! Sən bu buyruqlarınla artıq məni bezdirmisən, ölmürsən ki, canım səndən qurtarsın. Bir də mənə iş buyursan, səni bıçaqlayacağam!”

Bu sözlərdən qəzəblənən Mahmud arvadına kəsici-deşici alətlə 29 zərbə vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ali təhsillidir, həm də II qrup əlildir: “Əvvəllər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda texnik, böyük texnik və mühəndis kimi fəaliyyət göstərmişəm. Daha sonra mətbuatda jurnalist olaraq çalışmışam.

Son zamanlar səhhətimlə əlaqədar işləməmişəm. Hadisəyə qədər Xəzər rayonunda arvadım Şəlalə və qızım Aydanla birlikdə yaşamışam. Şəlalə gözəllik salonunu işlədib. Əvvəllər Şəlalə ilə münasibətlərimiz yaxşı olub. 30 ilə yaxındır böyrək, ürək və digər xəstləliklərdən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ilin fevralında ürəyinə stent qoyulub və bundan sonra səhhətindəki problemlər kəskinləşməyə başlayıb:

“Həmin ərəfədə arvadım Şəlalənin mənə diqqət və qayğısı azalmışdı. Dəfələrlə psixi və nevroloji xəstəliyimlə bağlı müalicə almışam. Hadisədən bir qədər əvvəl psixi və nevroloji xəstəliyimin təzahürləri yenidən baş qaldırdığından Şəlalə ilə birlikdə psixiatr qəbulunda oldum. Həyat yoldaşım mənə əvvəllər çox yaxşı qulluq etsə də, ürəyimə stent qoyulandan sonra münasibətlərimiz pisləşdi. Şəlalədən təzyiqimi ölçməsini, dərman içmək üçün su gətirməsini xahiş edəndə isə xahişlərimi yerinə yetirmirdi. Deyirdi ki, mən də yaşlı adamam, öz işlərini, özün gör.

Son zamanlar Şəlalə məni “şərəfsiz”, “ləyaqətsiz” adlandıraraq təhqir etməyə başlamışdı. Bütün bunlar səbrimi tükəndirsə də, Şəlaləni mülayim şəkildə sakitləşdirməyə çalışırdım. Səhhətimin yaxşı olmadığı üçün özümə qulluq edə bilmədiyimi, ondan kömək gözlədiyimi başa salmağa cəhd edirdim.

Lakin o, dinləmək istəmir, mənə qulluq etməkdən yorulduğunu bildirirdi. Mənə qarşı təhqiramiz və ləyaqəti alçaldan ifadələr işlədir, mənimlə yad adam kimi rəftar edirdi. Dəfələrlə xəstə olduğumu desəm də, sözlərimə məhəl qoymurdu. Məni təhqir etməməsini, şəxsiyyətimi alçaltmamasını xahiş etsəm də, bəzən mənə əl-qol atır, məni daha da qıcıqlandırırdı. Bəzən mübahisə zamanı polis çağıracağını və məni dəlixanaya saldıracağını deyirdi.

Bununla belə, özümü təmkinli aparır və Şəlaləni sakitləşdirməyə çalışırdım. Hətta qızlarım da bizim mübahisə etdiyimizi, küsülü olduğumuzu görürdülər. Onlar bizə mehriban olmağı, münasibətlərimiz alınmırsa, boşanmağımızı məsləhət görürdülər.

Mənim həyat yoldaşımdan boşanmaq niyyətim olmayıb. Şəlalə isə lazım olarsa, məndən boşanacağını bildirirdi. Qohum-əqrəbanın yanında isə mənimlə fərqli davranır, aramızda olan münasibəti hiss etdirməməyə çalışırdı. Ailə daxilində ikilikdə qaldıqda mənə qarşı çox aqressiv davranırdı.

Şəlalənin qəribə davranışları məni çaşbaş salırdı. Əvvəllər onun təhqirlərinə və pis rəftarına dözsəm də, son zamanlar səbrimin tükəndiyini hiss edir, nə edəcəyimi bilmirdim”.

Təqsirləndirilən şəxs deyib ki, fevralın 11-də səhər saatlarında hamı evdəymiş, qızı Aydan xalası qızı ilə Şahdağa tura getməyə hazırlaşırmış: “Saat 6 radələrində Aydan evdən getdi. Həmin vaxt mən və arvadım oyaq idik. Təxminən 2 saat sonra dərman içmək üçün Şəlalədən su gətirməsini xahiş etdim. Dedi ki, get cəhənnəm ol, özün özünə su gətir, məni narahat etmə, səni bıçaqlayaram.

Şəlalənin elə deməsi mənə çox ağır təsir etdi. Özümü heç vaxt o vəziyyətə salmamışam. Bu sözlərdən əsəbi halda durdum və mətbəxə keçərək su içdim. Sonra Şəlalənin az əvvəl mənə dediyi sözlər yadıma düşdü. Özümü ələ almağa çalışsam da, Şəlalənin işlətdiyi təhqiramiz ifadələr mənə rahatlıq vermədi”.

Mahmud qeyd edib ki, bu vaxt mətbəxdəki dəmir çapacaq gözünə sataşıb: “Çapacağı götürüb otağa qayıtdım. Şəlalə qulağında qulaqcıq, mobil telefona baxaraq yatağında uzanmışdı. Onu görəndə daha da qəzəbləndim və nə etdiyimi bir anda dərk etmədim.

Şəlaləyə yaxınlaşaraq heç nə demədən əlimdəki çapacaqla onun boyun nahiyəsinə güclü zərbə endirdim. Zərbədən baş boyundan kəsildi və güclü qan axmağa başladı. Qəzəb və hiddət içərisində nə etdiyimi bilmədən Şəlaləyə qeyri-ixtiyari çapacaqla zərbələ endirməkdə davam etdim.

Şəlalənin bədəninin hansı nahiyyələrinə zərbələr endirdiyimi və zərbələrin sayını xatırlamıram. Bir qədər sonra qəzəbim soyumağa başladı. Sanki yuxudan oyandım. Bədənim gərginlikdən azad olunmuş kimi boşaldı, çökmüş vəziyyətdə aşağı oturdum. Çapacaq əlimdən aşağıya doğru sallanan vəziyyətdəydi. Şəlalə tam hərəkətsiz halda yerdə uzanıqlı qalmışdı, boynundan, qollarından qan axırdı. Səsi və nəfəsi olmadığını gördüm, artıq öldüyünü yəqin etdim.

Daha sonra gedərək əl-üzümü yudüm. Qardaşıma, qızıma və daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Diaspora