Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şamaxı şəhərində Şamaxı və İsmayıllı rayonlarının sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlbolunma, əlillik, ünvanlı dövlət sosial yardımı, mənzil və avtomobil təminatı və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.