60 illik şərəfli ömür yolu: Etimad Əsədovun məzarı doğum günündə ziyarət olundu - FOTO

60 illik şərəfli ömür yolu: Etimad Əsədovun məzarı doğum günündə ziyarət olundu - FOTO backend

Bu gün "Qarabağ qaziləri" ictimai birliyinin mərhum sədri, Qarabağ qazisi Etimad Əsədovun doğum günüdür. Yaşasaydı 60 illik yubileyini qeyd edəcəkdi.

Qaziler.az bildirir ki,  mərhum sədrin doğum günü ilə bağlı birliyin üzvləri onun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarına gül dəstələri qoyublar.

Etimad Əsədovun silahdaşları, yaxınları onun keçdiyi döyüş yolundan, onun insan kimi yüksək keyfiyyətlərindən danışıblar.

Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.

2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.

Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.

Ali təhsilli idi.

Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.

Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov 2018-ci il oktyabr ayının 16-da vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

QAZİLER.AZ

Diaspora