Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov dekabrın 15-də Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax, Ağdaş, Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.
Qaziler.az xəbər verir ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Həmçinin Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olunub.
Qəbulda 50 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi Mürsəl İbrahimov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.