Oktyabrın 8-də Təhsil Nazirliyi ilə “British Council” arasında “İş dünyası üçün bacarıqlar” və “Mehmanxana inzibatçısı” layihələrinin dəstəklənməsi barədə Əməkdaşlıq Memorandumu imzalanıb.
AZƏRTAC-xəbər verir ki, sənədi təhsil nazirinin müavini Firudin Qurbanov və “British Council”un Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt imzalayıb.Bildirilib ki, “İş dünyası üçün bacarıqlar” layihəsində peşə-ixtisas təhsili müəssisələrində İKT və telekommunikasiya üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının artırılması, eyni zamanda həmin təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə fəaliyyət göstərən müəllimlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin reallaşdırılmasında məqsəd şagirdlərə iqtisadiyyat və biznes üzrə baza biliklərinin verilməsidir. Bununla bərabər, layihə şagirdlərə telekommunikasiya və İKT sahəsində təcrübə proqramı vasitəsilə praktiki biliklər qazanmaq imkanı yaradacaq.
“Mehmanxana inzibatçısı” layihəsinin məqsədi isə 5 nömrəli Bakı Peşə Liseyində mehmanxana inzibatçılığı üzrə müəllimlərin potensialının artırılmasıdır. Layihə çərçivəsində milli standartlara uyğun kurikulumun hazırlanması, şagird və mühəndis-pedaqoji heyət üçün təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.