“Cari ildə qanunvericilikdə nəqliyyat sahəsində bir sıra dəyişikliklər oldu. Xüsusilə taksi fəaliyyəti, yükdaşıma sahəsində icazələrlə bağlı qanunvericilikdə dəyişikliklər edilib”.
Oxu.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda həmin dəyişikliklərin son müzakirələri aparılır:
“Müzakirələr yekunlaşdıqdan sonra həmin qaydaların tətbiqinə başlayacağıq”.
R.Hümbətov onu da əlavə edib ki, istər infrastruktur, istər avtobus zolaqları, yenidən hərəkətin təşkili sahəsində təhlillər aparılıb:
“Bu təhlillər rəqəmsallaşdırılaraq mərkəzi bazaya ötürülür. Rəqəmsal əkizin qurulması üçün 60 milyarda yaxın müxtəlif mənbələrdə - kommunal, mobil rabitə, avtomobillərin hərəkəti sahəsində olan statistikalar incələnib. Bu rəqəmsal əkiz artıq hazırdır. Eləcə də 20-dən artıq layihə rəqəmsallaşdırılıb, 6-sı layihələşdirilib. Yaxın zamanda onların icrasına başlanılacaq.
Hazırda əsas məsələlərdən biri mikromobilliyə təsiri olan velosiped zolaqlarının təşkili və vahid xəritəsinin hazırlanmasına başlamışıq. Ümid edirik ki, tez zamanda bu layihələr yekunlaşacaq və əhalinin istifadəsinə veriləcək. Bu da paytaxtda nəqliyyatın axınına müsbət təsir edəcək”.