Göygöl rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi həmişə təntənə ilə qeyd edilir. Növbəti mərasim də həm çağırışçılar, həm də valideynlər üçün xoş anlar yaşadıb.
AZƏRTAC xəbər verir ki, əvvəlkilərdən fərqli olaraq bu dəfə keçirilən tədbir həqiqi hərbi xidmətdən tərxis olunmuş gənclərin qarşılanması ilə başlayıb. Vətənə sədaqətlə xidmət edərək evlərinə qayıdan gənclər gül-çiçəklə qarşılanıblar.
Sonra yolasalma mərasimi başlayıb. Çağırışçılar əvvəlcə Heydər Əliyev Mərkəzinə gələrək, Ulu Öndərin həyat və fəaliyyətini, onun ordu quruculuğunda həyata keçirdiyi tədbirləri əks etdirən fotoşəkillərə baxıblar.
Mərasimdə çıxış edənlər diqqətə çatdırıblar ki, bu gün hər bir Azərbaycan gəncinin borcu işğal altında olan torpaqlarımızın azad olunması üçün hərbin sirlərinə dərindən yiyələnməkdir. Bunun üçün Azərbaycan Silahlı Qüvvələrində hər cür şərait vardır. Dövlətimizin başçısının diqqət və qayğısı ilə ordumuz gündən-günə güclənir və onun maddi-texniki bazası möhkəmləndirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi, polkovnik Mail Şahverdiyev hərbi xidmətə yola düşən gənclərə öz tövsiyələrini verdikdən sonra çağırışçılar növbə ilə üçrəngli Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşüblər.