Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün FHN-in yaradılmasının 18-ci ildönümüdür.
Belə ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Fəaliyyət göstərdiyi 18 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.
Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilib və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil quruma çevrilib.
Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. FHN-in informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişafı, elektron xidmətlərin təşkili, eləcə də respublikada baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112 zəng mərkəzi” yaradılıb.
Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah - avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.
FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində müasir biliklərə yiyələnirlər. Bununla yanaşı, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə nazirliyin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlığı və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. O, xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib.
Təkcə bu ilin 9 ayı ərzində respublika ərazisində 12 min 425 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2022-ci ilin birinci yarımilliyi ilə müqayisədə 2139 hadisə və ya 15 faiz azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində nazirliyin xilasediciləri tərəfindən 25 nəfər xilas edilib, 2587 nəfər təxliyə olunub. Nazirliyin əməkdaşları çətin sınaqlarda dəfələrlə peşəkarlıqlarını və cəsarətlərini ortaya qoyublar.
FHN-in təşkilatçılığı və ev sahibliyi ilə bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlər, o cümlədən idman yarışları keçirilib. Belə ki, 2023-cü il mayın 19-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində FHN tərəfindən nazirliyin yanğın-xilasetmə qurumlarının iştirakı ilə “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında əməliyyat-taktiki təlim keçirilib.
Bu ilin sentyabrında FHN-in əməkdaşları Türk Dövlətləri Təşkilatının (TDT) “Fəlakətlərin idarə olunması, fövqəladə hallar və humanitar yardım” təşəbbüsü çərçivəsində Qazaxıstanda təşkil olunmuş “Kazkutkaru-2023” beynəlxalq xilasetmə çoxnövçülük yarışında mükafatlandırılıb.
Sentyabrın 7-də FHN-in təşkilatçılığı ilə Bakıda TDT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib. Təlimdə TDT ölkələrinin aidiyyəti qurumlarının 8 helikopteri və 1 amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib.
Həmin gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci iclası keçirilib. İclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin bəyannaməsi imzalanıb.
Prezident İlham Əliyevin yürütdüyü humanist siyasətə uyğun olaraq, FHN ötən dövrlərdə müxtəlif ölkələrdə baş vermiş fəlakətlərin nəticələrinin aradan qaldırılması, xilasetmə və humanitar yardımların çatdırılması əməliyyatlarını uğurla yerinə yetirib. Ötən illərdə yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları peşəkarlıqlarını nümayiş etdiriblər.
Beynəlxalq əməkdaşlığını da durmadan genişləndirən FHN Azərbaycan Prezidentinin tapşırığı ilə bir neçə ölkəyə humanitar yardımlar çatdırıb. Bundan başqa, FHN-in xilasetmə dəstələri İsraildə, Gürcüstanda və Türkiyədə meşə yanğınlarının söndürülməsində fəal iştirak ediblər.
Bu ilin fevralında isə Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən FHN-in çevik xilasetmə qüvvələri Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə xilasetmə işlərində iştirak ediblər. Türkiyə Prezidenti və xalqı xilasedicilərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə dövlətimizə və xalqımıza minnətdarlığını çatdırıb. FHN-in 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş, Hatay və digər şəhərlərində fəaliyyət göstəriblər.
Həmçinin qardaş ölkədə axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunub.
İkinci Qarabağ müharibəsi dövründə FHN-in strukturları Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şanlı Zəfərin qazanılmasına töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.
Prezident İlham Əliyev FHN-in maddi-texniki bazasının gücləndirilməsi, ən müasir texnika, avadanlıq və mexanizmlərlə təchiz olunmasına xüsusi diqqət və qayğı göstərir. Ötən il dekabrın 9-da dövlətimizin başçısı FHN tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar ilə tanış olub. İşğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” və “İveco” markalı olmaqla 150 yanğınsöndürən avtomobil alınıb. “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ildə həyata keçirilib.
Qeyd edək ki, FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb. Bundan başqa, nazirlik tərəfindən alınan “GCS – 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur.
FHN-in əməkdaşları builki peşə bayramlarını xüsusi əhvali-ruhiyyədə qeyd edirlər. Belə ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla nazirliyin 4 əməkdaşına ali hərbi rütbələr verilib.
Beləliklə, nazirliyin əməkdaşlarının fədakarlıq və peşəkarlıq örnəkləri qurumun şəxsi heyətinin ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazırdır.