Dünya informasiya texnologiyaları bazarında tarixin ən böyük sövdələşməsi reallaşmaq üzrədir.
İKT. lent.az-ın xəbərinə görə, ABŞ-ın məşhur kompüter istehsalçısı olan “Dell” bir həftə ərzində informasiyaların saxlanması və idarəedilməsi sahəsində məhsul və xidmətlərin istehsalçısı olan “EMC Corporation”ı satın aldığını açıqlaya bilər. Bu barədə “The Wall Street Journal” məlumat yayıb. Hazırda genişləndirilmiş danışıqlar davam edir. Danışıqlara “Silver Lake” Fondu da cəlb olunub.“EMC Corporation”ın bazar dəyəri 50 milyard dollara yaxındır. Sövdələşmənin dəyəri isə bundan yüksək ola bilər. İndiyə qədər informasiya texnologiyaları bazarında ən yüksək sövdələşmə “Broadcom” tərəfindən “Avago” şirkətinin 37 milyard dollara satın alınması olub. Bu sövdələşmə hələlik yekunlaşmayıb.
“Dell”in EMC şirkətini əldə etməsi ona məlumatların saxlanması sistemi bazarında öz mövqelərini möhkəmləndirməyə və korporativ qərarların daha böyük tədarükçüsünə çevrilməyə kömək edəcək. Hələlik EMC-nin törəmə şirkəti “VMware”in taleyi naməlum qalır, tərəflər onun əsas strukturdan ayrılması variantını nəzərdən keçirir. “VMware” virtuallaşma üçün proqram təminatı işləyib hazırlayan şirkətdir və bazar dəyəri 34 milyard dollardır. EMC bu qurumun səhmlərinin 80%-nə sahibdir.