Bu gün Azərbaycan muğam və xalq mahnılarının gözəl ifaçısı, dəyərli insan Sədi Məmmədovun anım günüdür.
Qaziler.az bildirir ki, S.Məmmədov 1954 cü ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olub. Ağdamda Musiqi Texnikumunu bitirib. Həyat və sənət yolunun gözəl çağında, 48 yaşında o, bizi tərk etdi! S.Məmmədov 12 dekabr, 2003-cü ildə Bakı - Cəngi yolunun 54-cü kilometrliyində avtomobil qəzasında faciəli şəkildə vafat edib.
S.Məmmədovun ifasında "Şuşanın dağları" və "Yaralama" mahnılarını şərh bölümündə təqdim edirik. "Şuşanın dağları"nı nəhəng muğam ustadı Xan Şuşinskidən sonra böyük sənətkarlarımız Yaqub Məmmədov, Əbülfət Əliyev və digərləri də gözəl şəkildə ifa ediblər.
Sənət adamları Sədi Məmmıdovun da bu mahnını çox gözəl və maraqlı, özünəməxsus şəkildə ifa etdiyini deyirlər. Dəyərli sənətkarımız Sədi Məmmədovun bu ifası Dövlət Teleradiosunun "Qızıl fond"una düşüb.
Bu gün də dəyərli sənətkarlamızın ifasında xalqımız tərəfindən sevilə-sevilə dinlənilən "Yaralama" mahnısı isə ilk dəfə şirin, məlahətli və ürəyəyatımlı səsi olan S.Məmmədovun ifasında səslənib.
Ailəli idi, iki övladı yadigar qalıb. Qardaşı Saleh Məmmədova başda olmaqla Məmmədovlar ailəsinə, sənətkarı sevənlərə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.
Allah Sədi Məmmədova rəhmət eləsin!
QAZİLER.AZ