İşğaldan azad olunan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial dəstək tədbirləri ilə əhatə olunması və məşğulluq xidmətlərinə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.
Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup kənd sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.
Bu dəfə sakinlərə müraciətləri əsasında un məmulatlarının istehsalı, kişi bərbərxanası və inkubator zərfləri üzrə aktivlər təqdim edilib.
Bununla da kənddə artıq 14 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.
Aktiv paylanması prosesi və yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün Ağalı kəndinə mediatur təşkil edilib.
İndiyədək Ağalı sakinlərinin məşğulluğunun təmin edilməsi istiqamətində 270-dək vətəndaşın məşğulluğu ilə bağlı addımlar atılıb. Belə ki, 192 nəfər müvafiq vakansiyalar üzrə işlə təmin olunub, 26 nəfər ictimai işlərlə təmin olunub, 14 nəfərə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib, 33 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.