Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti davam etdirilir.
Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada oktyabrın 13-də saat 9.00-dan 18.00-dək ƏƏSMN-nin Quba rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Quba və Qusar rayonlarının, oktyabrın 14-də saat 9.00-dan 18.00-dək nazirliyin Xaçmaz rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonun müvafiq təbəqədən olan sakinlərinə protez-ortopedik bərpa xidməti göstərəcək. Oktyabrın 15-də saat 9.00-dan 13.00-dək nazirliyin Şabran rayon ƏSMM-nin inzibati binasında Şabran rayonunda yaşayan, saat 14.00-dan 18.00-dək isə Siyəzən rayon ƏSMM-nin inzibati binasında bu rayonda və Xızı rayonunda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar protez-ortopedik bərpa xidməti ilə təmin olunacaqlar. Həmin şəxslərin ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb. Təkcə bu ilin 9 ayında respublikamızın bütün bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirilməklə ümumilikdə 1464 nəfərə müvafiq xidmətlər göstərilib.