Xəbər verildiyi kimi, Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın ana olub.
Bu haqda Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Rayonun Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım hamiləliyin 37-ci həftəsində, qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Körpənin çəkisinin 3100 qram, boyunun 49 santimetr olduğu bildirilib.
Körpənin atası 56 yaşlı Hüseyn Səfərov sevincini Bizim.Media-ya bölüşüb:
“Uşaq da, yoldaşım da yaxşıdır. Xəbəri eşidəndə, sevincimdən huşumu itirdim. 2003-cü ildə ailə qurmuşuq, bu bizim ilk evliliyimizdir. Tanrı bizə övlad da nəsib etdi. Çox danışa bilmirəm, həyəcanlıyam”, - deyə ata bildirib.
Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.