Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev-100: Xalqa mənsub olan həyat” adlı konfrans keçirilir.
Redaktor.az xəbər verir ki, konfransda ölkə ziyalıları, bir sıra dövlət qurumlarının nümayəndələri, müxtəlif kateqoriyadan olan veteranlar, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri, kursant və hərbçilər iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı tarixi rolundan, milli dövlətçiliyimizin qorunub saxlanılması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yürütdüyü siyasətdən danışıb.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri professor Namiq Əliyev, Vəkillər Kollegiyası Akademiyasının rəhbəri, professor, hüquq elmləri doktoru Əmir Əliyev, Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Seymur Şeydayev və başqaları dahi şəxsiyyət Heydər Əliyevin öz ömrünü xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyinə həsr etdiyini xatırladıb, Ümummilli Liderlə bağlı maraqlı faktlara toxunublar.