Millət vəkili MM-də büdcə müzakirələrində Qarabağ əlillərinin tibbi sığortası məsələsini qaldırdı

Millət vəkili MM-də büdcə müzakirələrində Qarabağ əlillərinin tibbi sığortası məsələsini qaldırdı backend

Milli Məclisin 6 komitəsinin və hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva ölkədə tezliklə tibbi sığortanın tətbiqinin həyata keçirilməyə başlanmasının ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Əhalinin tibbi sığortası bu gün ən önəmli məsələlərdən biridir və 2016-cı ildə onun tətbiqi sadə insanlarımız üçün ən əhəmiyyətli məsələlərdən biridir və ümid edirəm ki, bu məsələ gələn il öz həllini tapacaq deyən millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi əlillərinin tibbi sığortası məsələsinə xüsusi toxunub, onların bu istiqamətdə müraciətlərindən danışıb və qısa zamanda bunun həyata keçirilməsinə böyük ehtiyac olduğunu deyib.

Millət vəkili 1-ci qrup əlillərin övladlarının ali təhsil müəssisələrində ödənişli haqlardan azad edilməsini də təklif edib: “1-ci qrup əlillərin bir hissəsi ağır xəstədirlər və tamamilə özlərinə qulluq edə bilmirlər. Və həmin ailələrdə həyat yoldaşı məhz buna görə işə gedə bilmir, işləyə bilmir. Çünki həyat yoldaşına baxmalıdır. Buna görə də ailəyə daxil olan gəlir əksər hallarda 1-ci qrup əlilin əlilliyə görə aldığı pensiyadan ibarət olur ki, bununla da bir ailənin yaşaması, əlillin dərman ehtiyacları zorla ödənilir. Belə ailələrdə böyüyən uşaqların ali təhsil ala bilməsinə dəstək göstərmək üçün onları ödənişli təhsili qazandıqları halda ödənişdən azad etmək lazımdır. Çünki belə ailələrin demək olar ki, uşaqlarını oxuda bilməsi onsuz da asan deyil, ödənişlə isə demək olar ki, mümkünsüzdü. O səbəbdən də dövlətimiz 1-ci qrup əlillərin övladlarına bu cür güzəşt etməklə onların təhsil ala bilməsi stimullaşdıra bilərdi”.

Millət vəkili iclasda iştirak edən maliyyə naziri Samir Şərifovdan bu məsələlərin hökumət qurumları tərəfindən baxılmasını xahiş edib. Nazir isə bu məsələnin araşdırılacağını söyləyib.

Millət vəkili Qənirə Paşayeva həmçinin 1-ci qrup əlillərə ailədə qulluq edən şəxsə müəyyən qədər vəsait ayrılması məsələsinə də yaxın zamanlarda baxılmasının çox vacib olduğunu diqqətə çatdırıb və ailələrin bununla bağlı müraciətlərindən danışıb”.
Diaspora