Son günlər hava şəraitinin fəslə uyğun keçməməsi aktual məsələlərdən birinə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin son bir həftə ərzində yaydığı gündəlik hava proqnozlarında Bakı və Abşeron yarımadasında havanın temperaturunun gündüzlər müsbət 20 dərəcəyə yaxın olduğu görülür. Regionlarda da kəskin soyuqların olduğu günlərin sayı elə də çox deyil.
Maraqlıdır, belə anomal isti hava şəraiti insanların sağlamlığına necə təsir edir? Orqanizmdə nə kimi fəsadlar yarana bilər? Bu cür hava şəraitində necə qoruna bilərik?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Nuranə Məhərrəmovanın sözlərinə görə, hava şəraitinin isti olması mikrobların daha sürətli yayılmasına səbəb olur:
“Qış aylarında insanların qapalı şəraitdə çox olması ilə əlaqədar viruslar hədsiz dərəcədə çoxalır. Bununla yanaşı, insanlar xəstələnən zaman qoruyucu vasitələrdən o qədər də istifadə etmirlər. Tutaq ki, şəxs qrip olan zaman maska taxmadan, rahat şəkildə gəzə bilir. Bu, düzgün deyil.
Havanın isti olması da bir tərəfdən mənfi təsir göstərir. Soyuq havada mikroblar daha tez ölür. Havanın isti olması mikrobların daha sürətli və geniş şəkildə yayılmasına yol aça bilir. İnsanlar da virusmənşəli xəstəliklərə daha çox yoluxurlar”.
Terapevt əlavə edib ki, anomal hava şəraiti kəskin başağrılarına səbəb olur:
“Hava şəraiti, xüsusilə meteohəssas insanlara təsir edir. Arterial təzyiqi ilə problemi olanlara ciddi çətinlik yaradır, təzyiqləri qalxa bilir.
İnsanlar hava şəraitinə uyğun geyinməlidirlər. Qış fəslində qalın geyinmək məqbul sayıldığı üçün çoxları temperatur göstəricilərinə, hava proqnozuna fikir vermirlər. İsti geyim isə güclü tərləməyə səbəb ola bilir, sonra isə adamlar soyuqlayırlar. Ona görə də artıq hava şəraitinə uyğun olaraq vəziyyəti tənzimləmək lazımdır”.
Terapevt Abbas Bağırov isə əlavə edib ki, anomal hava şəraiti bədənin adaptasiya proseslərinin pozulmasına səbəb olur:
“Dekabr ayı olmasına rəğmən, yaz havası hökm sürür. Bu, iqlim dəyişikliyi ilə əlaqədardır. Anomal hava şəraitində bədənin adaptasiya funksiyasının (uyğunlaşma) tənzimlənməsi prosesi təbii şəkildə icra oluna bilmir və pozulur. Bu da öz növbəsində immun sisteminin zəifləməsinə səbəb olur. Ümumi mübadilə prosesləri sona qədər getmir. Mövsümi xəstəliklərə yoluxma intensivləşir”.
Terapevt belə havada yuxu rejiminə diqqət etməyi məsləhət görür:
“Anomal hava şəraiti ürək-qan-damar sistemi, eləcə də endokrin xəstəlikləri olan, qanın laxtalanması prosesində pozuntular olan, meteohəssas insanlara mənfi təsir göstərir. İqlimin qeyri-təbii dəyişikliyi risk faktorlarını artırır.
Qorunmaq üçün optimal mühit seçilməlidir. Təbii, orqanizmin soyuğa və istiyə öyrəşməsini tənzimləyən geyimlərə üstünlük verilməlidir. Sintetik geyimlərdən istifadə etmək olmaz. İmmuniteti salan qida məhsullarından ümumiyyətlə uzaq durmaq, yuxu rejimini tənzimləmək vacibdir. Vitamin və mineralları, mikroelementləri rasionumuza salmalıyıq”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin bu gün yaydığı xəbərdarlığa görə, dekabrın 5-i səhərdən hava şəraiti dəyişəcək, külək güclənəcək, arabir yağış yağacaq, havanın temperaturu ötən günlərlə müqayisədə Bakıda və Abşeron yarımadasında tədricən 3-5, regionlarda 5-8 dərəcə enəcək.