Xüsusi internet xidməti olan hostinq veb-saytın internetdə yerləşdirilməsi, saxlanılması və istifadəçilər üçün əlyetərliyini təmin edir. Hostinq xidməti göstərilərkən trafik genişliyi, texniki dəstək, yaddaş, təhlükəsizlik, daimi əlyetərli xidmət vacib şərtlərdəndir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar “AzScienceNet Data Mərkəzində hostinq xidmətləri” mövzusuna həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov hostinq xidmətlərinin üstünlüklərindən danışaraq bu xidmətlərin elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin səmərəli təşkilində mühüm rol oynadığını bildirib.
AzScienceNet-in şəbəkə administratoru Tural Mustafayev məruzə ilə çıxış edərək AMEA rəhbərliyinin qərarı ilə 2011-ci ildən institutun AzScienceNet elm kompyuter şəbəkəsinin Data Mərkəzində akademiyanın institut və təşkilatlarına ödənişsiz hostinq xidmətlərinin göstərildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yüksəksürətli serverlər və intellektual telekomunikasiya avadanlıqlarına malik AzScienceNet şəbəkəsinin Data Mərkəzi hostinq xidmətlərinin yüksək səviyyədə göstərilməsinə imkan yaradır. Buradakı bütün serverlərdə AMEA-nın institut və təşkilatlarının təhlükəsizliyi məsələləri ciddi nəzarət altındadır.
Məruzəçi hostinq xidmətinin növləri, xidmətin aktivləşdirilməsi üçün tələb olunan komponentlər haqqında məlumat verib. Hostinq xidmətlərinin göstərilməsində mövcud problemlərdən danışıb.
Sonra suallar cavablandırılıb, təkliflər səsləndirilib.