Oktyabrın 7-də Avrasiya Universitetlər Birliyinin (EURAS) nümayəndələri Bakı Slavyan Universitetində (BSU) olublar.
BSU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının rektoru, professor Asif Hacıyevlə görüşdə qonaqlar 2008-ci ildə İstanbulda təsis edilmiş Avrasiya Universitetlər Birliyinin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Türkiyə, Azərbaycan və digər ölkələrin ali məktəblərinin təsis etdiyi EURAS-ın məqsədi universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirməkdir.
A.Hacıyev qonaqlara rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən söhbət açıb. BSU-nun Avrasiya regionunun, xüsusən slavyan ölkələrinin bir çox tanınmış ali təhsil müəssisələri ilə əməkdaşlığ barədə məlumat verib. A.Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisi ilə Avrasiya Universitetlər Birliyi arasında qurulacaq əməkdaşlığın əhəmiyyəti barədə fikrini bildirib.
EURAS-ın nümayəndəsi Səbinə Hüseynova təmsil etdiyi qurumun Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti birləşdirdiyini qeyd edib. EURAS-ın həyata keçirdiyi layihələr, mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, təqaüdlü proqramlar haqqında ətraflı danışıb.
EURAS-a üzv olan universitetlər arasında işbirliyinin gücləndirilməsinin və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən qonaqlar BSU-nun fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.