Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişib.
"APA-Economics" BVF-in "Dünya İqtisadi Proqnozları"adlı hesabatının oktyabr sayına istinadən xəbər verir ki, təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
Hesabatda qeyd olunur ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə dərc olunan hesabatda BVF-nin bu proqnozu 0,6% idi.
Fond gələn il Azərbaycanda ÜDM-in 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.
BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının profisiti 3 mlrd. dollar (apreldə proqnoz 5,3 mlrd. dollar idi), 2016-cı ildə 2,7 mlrd. dollar təşkil edəcək (apreldə proqnoz 8,2 mlrd. dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır.
BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1%-ə və 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq faiz 3,6%-ə endirib.