Bəzi dairələrin reallığı əks etdirməyən fikirlər yayması qəbuledilməzdir

Bəzi dairələrin reallığı əks etdirməyən fikirlər yayması qəbuledilməzdir backend

Azərbaycan Respublikası Milli Məclisinə növbəti seçkilər yaxınlaşdıqca KİV-lərdə müxtəlif səpkili fikirlər səslənir. Bu fikirlər bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlir. Bəzən cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlinir. Ayrı-ayrı şəxslər dindarlar adından səsverməyə gəlməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər.



Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Rüstəm Ramazanov bildirib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir. Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf hissi doğurur. Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirən şəxslərin xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi belələrinin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir.

R.Ramazanov vurğulayıb ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumlar, yaxud özlərini belə qurumların “rəhbər”ləri kimi təqdim edənlərin ölkə dindarları adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Eyni zamanda, özlərini “din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir. Bu mövzuda çoxkonfessiyalılığı ilə səciyyələnən ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər. Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcəklər.
Diaspora