Oktyabrın 7-də Bakıda Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Avropa Gənc Alimlər Şurasının (EURODOC) tərəfdaşlığı ilə “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda Pakistan, Hindistan, Keniya, Qırğızıstan, Qazaxıstan, İndoneziya, Fələstin, ABŞ, Sudan və 18 Avropa dövlətindən gənc alim və tədqiqatçılar iştirak edirlər.
Tədbirdə məlumat verilib ki, beynəlxalq forumun məqsədi soyqırımı və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarının dünyaya tanıtmaq, Xocalı faciəsi barədə Avropa elmi gəncliyi arasında təbliğat işinin daha da genişləndirməkdir. Eyni zamanda, soyqırımı və genosid faktlarına konkret məqsədlərə və qruplara xidmət edən siyasət adamlarının deyil, məhz elmi tədqiqatçıların araşdırmalarının nəticəsinə əsaslanaraq qiymət verməli olduğunu diqqətə çatdırmaq, bu istiqamətdə gələcəkdə konkret tədqiqatların aparılmasına dünya elmi gəncliyini sövq etməkdir.