Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Qəbələ rayonunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ Mərkəzi Rayon Kitabxanasında keçirilən mərasimdə əvvəlcə böyük sərkərdənin şəkillərindən, onun haqqında yazılan kitablardan, qəzet və jurnallardan ibarət sərgiyə baxış keçirilib. Çıxış edənlər Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətlərindən, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolundan və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıblar.
Qeyd edilib ki, istedadlı hərbi xadim qısa ömür yaşamasına baxmayaraq, Azərbaycanın hərb tarixində mühüm iz qoyub. O, istər çar Rusiyası ordusunda, istər Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə, istərsə də sovet hakimiyyəti illərində hərbi andına sədaqət göstərərək mövcud hakimiyyətə şərəflə xidmət etmiş, yüksək ixtisaslı hərbi kadrların hazırlanmasında fəal mövqe tutmuşdur.
Sonda bu cür tədbirlərin gənclərin milli mənəvi, hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolu olduğu vurğulanıb.