Son günlər Azərbaycanda qışın sərt keçəcəyi ilə bağlı rəsmi qurumlar tərəfindən iclaslar keçirilir, qar təmizləyən texnikalar hazır vəziyyətə gətirilir.
Lakin bir məsələ var ki, hazırda sonuncu payız ayı olmasına baxmayaraq, temperatur mövsüm normalarının üzərindədir. Bu zaman ağıllara bir sual gəlir. Bu il Azərbaycanda qış çox sərt keçəcək? Yoxsa qurumlar ötən il yağan qara görə iflic vəziyyətə düşən yollardan sonra bu il üçün öncədən daha yaxşı hazırlaşır?
Baku.ws xəbər verir ki, ölkəmizə soyuq hava kütlələri eyni zamanda həm şərqdən, həm də qərbdən müdaxilə edir. Bu zaman respublikanın bütün rayonlarında bol yağıntılar düşür, dağ çaylarında selyaranma ehtimalı çoxalır, eləcə də qar yağır.
Belə çıxır ki, qonşu ölkələrdə, Türkiyədə və Rusiyanın Avropa hissəsində müşahidə ediləcək hava eyni zamanda Azərbaycandakı qışın siqnallarını verir.
Bu il dünya, eləcə də Türkiyə “El Nino” hava axınının təsirindədir. Təcrübələrə görə, “El Nino” axınının hakim olduğu illərdə Şərqi Aralıq dənizi hövzəsində, ümumiyyətlə, bol yağışlı qış fəsli olur.
2023-2024-cü illərin qışı Türkiyədə yağışlı və soyuq keçəcək. Noyabrdan başlayaraq yağıntıların artacağı, temperaturun aşağı düşəcəyi gözlənilir. Dekabrdan başlayaraq qarın yağma ehtimalı var.
Bu qış Türkiyədə yağıntının, ümumiyyətlə, orta və ya yuxarı səviyyəsində olacağı gözlənilir. Bu, xüsusilə şimal və şimal-şərq rayonlarında qarın yağma ehtimalını artırır.
Qonşu Rusiyada da vəziyyət, demək olar ki, oxşardır. Bu il Rusiyada temperatur iqlim normalarına yaxın, bəzən isə yüksəkdir. Yerli meteoroloqlar bunu qlobal istiləşmə ilə əlaqələndirirlər. Lakin bu o demək deyil ki, Rusiyada qar yağmayacaq. Hər il paytaxt Moskvada ilk şaxtalar noyabrın sonunda yaranırdısa, bu mövsüm hava yalnız dekabrın son günlərində əhəmiyyətli dərəcədə soyuqlaşacaq. Yanvarın ilk günlərində Moskvada şiddətli şaxta gözlənilmir, lakin qar örtüyü kifayət qədər sıx və sabit olacaq.
Görünən odur ki, Azərbaycanda soyuq havanın formalaşmasında birbaşa təsiri olan iki ölkədə də temperatur ötən illərdəki ilə müqayisədə çox da fərqlənmir.
Qeyd edək ki, son zamanlar qış aylarının sərt keçəcəyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində aidiyyəti üzrə müvafiq müşavirələr keçirilib. Ehtimal olunur ki, proqnozlar öncədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki müvafiq qurumlar tərəfindən göndərilir.