İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ saytına verilən məlumata görə,Oktyabrın 6-da İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində gənclər üçün treninq keçirilmişdir.
“Marketinq araşdırmalarının aparılması”, “Menecment”, “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə marketinqin növləri və prinsipləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Bundan başqa, treninqdə iştirakçılar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.