AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib - FOTOLAR

AMEA-da “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma” kitabının təqdimatı keçirilib - FOTOLAR backend

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində hazırlanıb.

QHT.az xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov məlumat verərək bildirib ki, kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılıb və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.

Təqdimat mərasimində AMEA-nın vitse prezidenti, akademik Arif Həşimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva,  Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov, millət vəkilləri İltizam Yusifov, Hikmət Babaoğlu,  Arzu Nağıyev, Fatma Yıldırım və tarixçi alim Cəbi Bəhramov çıxış edərək ərsəyə gələn kitabın əhəmiyyətindən və bu istiqamətdə davalı fəaliyyətlərin vacibliyindən danışdılar. Qeyd olundu ki, hazırda Qərbi Azərbaycan  irsinin araşdırılması, Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi əsas prioritetlərdəndir. Qeyd edək ki, kitabın məsləhətçi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.

Yekunda çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində eyni zamanda “Qərbi Azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülməsi, “Qərbi Azərbaycan tarixi vətənimiz”, “Qərbi Azərbaycan kameral təsvirlərdə”, “Zəngəzurun köçürülməsi tarixi ədalətsizlik” və “Dərələyəz mahalı Çivə kəndinin deportasiyası” mövzularında 5 televiziya verilişi hazırlanıb.

Tədbirdə “Kainat- milli- mənəvi dəyərlərin  təbliğinə dəstək” ictimai birliyinin sədri, İrəvan şəhər icmasının rəhbəri professor Fəridə Səfiyevə, Vaqif Səmədoğlu Mərkəzinin sədri, fəlsəfə doktoru Nüşabə Vəkilova, “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş,  Qərbi Azərbaycan icmasının nümayəndələri, Dərələyəz İcmasından  Faiq Xudiyev, Məhəmməd Rəsuloğlu, Möhübbət Səmədoğlu, İman Məmmədov,  ictimai – siyasi xadimlər  və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

  

 

 

Diaspora