Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə namizədliklərin irəli sürülməsi üçün ayrılan müddət başa çatır.
APA-nın məlumatına görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası namizədlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, dövlət orqanlarında işləyən və ya bələdiyyə qulluğunda olan, həmçinin kütləvi informasiya vasitələrində əmək və mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar (bu qayda Milli Məclisin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına şamil edilmir), müvafiq əmrin (sərəncamın) təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim edirlər. Vəzifəli şəxslər, teleradio verilişləri və kütləvi informasiya vasitələri redaksiyalarında işləyən jurnalistlər və yaradıcı işçilər qeydə alınmış namizəddirlərsə, yaxud qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və ya səlahiyyətli nümayəndələridirlərsə, seçkilərin gedişinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasında iştirak etmək onlara qadağan edilir. Qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin seçicilərə maddi, maliyyə, yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin adından və onların müdafiəsi üçün fiziki və hüquqi şəxslərin xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.