“Dünya ölkələri kimi Azərbaycan da yeni çağırışlarla: iqtisadiyyatın modernləşdirilməsi, yaşıl iqtisadiyyatın inkişafının zəruriliyinə adekvat cavab verməlidir”.
"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkili vurğulayıb ki, dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır.
“Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təmini ilk növbədə iqtisadi artıma istiqamətləndirilsə də, əslində əsas məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir”, - o qeyd edib.
Komitə sədri vurğulayıb ki, ətraf mühitin mühafizəsi sahəsində müşahidə olunan meyllər - iqlim dəyişikliyi, qlobal istiləşmə, su ehtiyatlarının məhdudluğu, təbii sərvətlərdən səmərəsiz istifadə, və s. strateji məsələlərin köklü həlli istiqamətində fəaliyyətlərin daha da təkmilləşdirilməsini tələb edir.
Millət vəkilinin sözlərinə görə, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət istiqamətlərini bir neçə istiqamət üzrə qruplaşdırmaq olar:“Tullantıların çoxalması, daşınması və utilizasiyası problemlərinin ekololoji tarazlığa mənfi təsirləri son dövrlər getdikcə artmaqda davam edir. Respublikanın bir çox şəhər və rayonların kənarlarında primitiv tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti və torpağı çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinin artmasına şərait yaradır”.
Millət vəkili təklif edir ki, Bakı şəhərində olduğu kimi respublikanın digər iri sənaye şəhərlərində də müasir texnologiyaya əsaslanan, tullantılardan elektrik enerjisi və digər məhsullar istehsal edə bilən tullantıların qəbulu və utilizasiyası sistemini təşkil etmək məqsədə uyğundur.
Sadiq Qurbanov daha bir istiqamət kimi işğaldan azad edilmiş ərazilərdə daxili su ehtiyatlarının, günəş, külək, geotermal enerji mənbələri üzrə böyük potensialın olmasının “yaşıl enerji”yə keçidi və enerji səmərəliliyi ilə bağlı imkanları artırdığını göstərib. “Ekoloji tarazlığa mənfi təsirlərin azaldılması və bərpa olunmayan enerji resurslarına qənaət edilməsi müəyyən edilsədə bu sahə üzrə kadr hazırlığı həyata keçirilmir”, - deputat əlavə edib.
Komitə sədri çıxışında bu sahəyə xüsusi diqqət artırılmasına ehtiyac olduğunu qeyd edib.
Millət vəkilinin sözlərinə görə, su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması çox vacib aspektdir: “Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Proqramında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilmişdir. Dünya İqtisadiyyat Forumu ardıcıl üçüncü ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir”.
Sadiq Qurbanov qeyd edir ki, Azərbaycanda mövcud suvarma kanallarının 70%-i torpaq məcralı olması torpaqların şoranlaşmasına səbəb olmaqla yanaşı ciddi su itkisi yaradır: “Kür və Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə büdcə vəsaiti hesabına çaylardan götürülmüş çirkli suyun təmizlənərək içməli su kimi əhaliyə verilməsi üçün modul tipli su təmizləyici qurğular quraşdırılıb, lakin bu qurğuların fasiləsiz fəaliyyətində müəyyən çatışmazlıqlar vardır. Qeyd edilən su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir”.
Komitə sədri daha sonra təklifini açıqlayıb:
“Əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə, müvəqqəti quraşdırılmış, nəticəliliyi və səmərəliliyi aşağı olan, istismar müddəti başa çatmış modul tipli su təmizləyici qurğuların quraşdırılması metodundan imtina edilməsi və bu sahədə dayanıqlı su mənbəyinin yaradılması yolu ilə və ya mövcud su tutarlarından istifadə etməklə, məsələn, Hacıqabul rayonu ərazisində yerləşən Talış su anbarı əhaliyə çatdırılması istiqamətində tədbirlərin görülməsi daha məqsədəuyğundur. Melorasiya suyu ilə bağlı isə təklifimiz iəs bundan ibarətdir: Məhdud su resursları şəraitində su itkisinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsinə, Sudan İstifadəedənlər Birlikləri ilə suvarma suyunun istehlakçıları, xüsusə fermerlər arasında münasibətlərin təkmilləşdirilməsinə ehtiyac duyulur”.
Komitə sədri çıxışının sonunda deyib ki, büdcə zərfində əsas məqsəd ölkənin başlıca maliyyə planı ilə iqtisadiyyatın sahələri arasında bağlılığı göstərmək, büdcə və vergi siyasətinin sosial-iqtisadi inkişafa ciddi təsir göstərməsi üçün onun iqtisadi göstəricilərlə kompleks təhlil olunmasıdır.
“Hökümətin bu məqsədin öhdəsindən layıqıncə gəldiyini düşünürəm, təbrik edirəm və 2024-cü il üçün hazırlanmış dövlət büdcəsini məqbul hesab edirəm. Eyni zamanda Hesablama Palatası dövlət büdcəsi layihəsinə və dövlət büdcəsinin icrası haqqında qanun layihələrinə rəy verməklə büdcə xərclərinin istifadə olunmasının səmərələyinin qiymətləndirilməsinə şərait yaratmalıdır. Hesab edirəm ki, Hesablama Palatası bu işin öhdəsindən layiqincə gəlib, onlara da ayrıca təşəkkür edirəm. Büdcəni Azərbaycanımızın inkişafına yeni töhfələr verəcəyinə inanıram”, - Sadiq Qurbanov fikirlərini yekunlaşdırıb.