"Hacıqabul gölü ilə bağlı problem hər birinizə məlumdur. Gölün quruması illərdir davam edir. Ərazidə yaranan xoşagəlməz vəziyyətin Şirvan şəhərinin və Hacıqabul rayonunun, o cümlədən ümumilikdə ölkəmizin ekoloji vəziyyətinə təsiri isə danılmazdır”.
“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Millət vəkili deyib ki, Hacıqabul gölunun ekoloji vəziyyəti ilə bağlı məsələ Milli Məclisin müvafiq komitəsinin iş planına daxil edilib. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli nümayəndələrinin iştirakı ilə Hacıqabul gölü ətrafında monitorinqlər keçirilib, gölün su ilə doldurulması mümkün olan hissəsi müəyyən edilib, araşdırılan işlərin nəticəsi isə ümidverici olub”, - o əlavə edib.
Komitə sədri təklif edib ki, qonşu ölkələrdə, o cümlədən Urmiya gölünün qurumasının ekosistemə vurduğu zərərin son nəticələrini nəzərə almaqla, Hacıqabul gölü bərpa edilsə, ekosistemimizə böyük töhfə olar.