Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin plenar iclasında ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyacın olduğunu vurğulayıb. O bildirib ki, bu tip mərkəzlərin yaradılması həmin şəxslərin həm psixoloji, həm də tibbi bərpası üçün addım atmış olunardı.
Qaziler.az xəbər verir ki, sözügedən təkliflə bağlı “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev saytımıza açıqlama verib. O, səsləndirilən məsələnin vacibliyinə toxunaraq, layihəni dəstəklədiklərini bildirib:
“Musa müəllimə təşəkkür edirik ki, hərbçi və qazi qardaşlarımızın fiziki və psixoloji problemlərini nəzərə alaraq, reabilitasiya mərkəzlərinin yaradılması üçün çıxış edib. Dövlətimiz hər zaman qazilərimizə, müharibə veteranlarına diqqət və qayğı göstərir, əlbəttə, onların sağalması üçün reabilitasiya mərkəzləri də var. Amma xüsusiləşdirilmiş mərkəzin olması çox vacibdir. Hətta qeyd edim ki, belə bir nümunə Türkiyənin paytaxtı Ankarada var. Çox böyük olan həmin mərkəzdə təkcə reabilitasiya deyil, müalicə, müayinə, əməliyyat və sağlamlığa dair bütün prosedurlar həyata keçirilir. Yəqin ki, deputat Musa Quliyev də çıxışında belə bir mərkəzin olmasını nəzərdə tutur. Arzu edərdik ki, bizim də ölkəmizdə də bunun kimi reabilitasiya mərkəzləri olsun. Çünki müharibədə iştirak edən hər bir hərbçinin psixoloji dəstəyə ehtiyacı var.
İnanırıq ki, hökumət bu məsələni diqqət mərkəzində saxlayacaq, Vətən yolunda sağlamlığını itirən qardaşlarımız üçün belə mərkəzlər yaradılacaq. Biz – “Qarabağ qaziləri” ictimai birliyi olaraq, Musa müəllimi dəstəkləyirik və ümid edirik ki, bu vacib təklif nəzərə alınacaq”.
Sonda Asəf Əliyev qeyd edib ki, uzun illər "Qarabağ qaziləri" ictimai birliyi belə bir mərkəzin yaradılması üçün dəfələrlə məsələ qaldırıb, hökumətə rəsmi müraciət edib.
QAZİLER.AZ