Son günlər 1992-ci il, martın 8-12-si arası Qarabağda - keçmiş Əsgəran rayonunun Pirlər kəndinin üstündəki Alban kilsəsində baş vermiş döyüşdə şəhid olmuş Natiq Qasımov haqqında film yayılandan sonra cəmiyyətdə maraqlı müzakirələr başlayıb. “Səngrər TV” və onun rəhbəri Aqil Alışov xüsusən bu istiqamətdə xeyli araşdırma aparıb və maraqlı faktlar aşkarlayıb. Onun araşdırmasından sonra məlum olub ki, belə bir qanlı döyüş həqiqətən olub və o döyüşdə təkcə Natiq Qasımov şəhid olmayıb.
Olayla bağlı uzun illərdir bu məsələ barədə danışan Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qaziler.az-a açıqlama verib:
“Hələ 1992-ci ildə bu hadisə haqqında eşitmişdim. “Oqonyok” jurnalının işıq üzü görən nömrələrinin birinin üz qabığında da bir gəncin əlində Azərbaycan bayrağı ermənilərə əsir düşdüyünü əks etdirən foto yayılmışdı. Bu indi hamının qəhrəmanlığından danışdığı Natiq Qasımovun fotosu idi. O, döyüş mövqeyini tərk edərkən əlində bayraq kilsədən çıxır. Azərbaycanlı döyüşçünün ermənilərin batalyon komandiri, qatil Vitali Balasanyan tərəfindən dindirilməsinin də fotosu yayılıb. Fransız, italyan və rus jurnalistləri bu hadisənin f şahidi olublar. Bu foto “Oqonyok” jurnalının üz qabığına həmin jurnalistlərin sayəsində düşüb və bu barədə məqalə yazılıb. Hələ, səhv etmirəmsə, 2015-ci ildə rejissor Elçin Musaoğlu bu hadisə ilə bağlı “Natiq” adlı sənədli film çəkib, bu yaxınlarda isə Karan Sinqin “Oğul” filmi yayımlandı.
2015-ci ildə yayılan “Natiq” filmindən sonra Natiq Qasımovun döyüşdüyü deyildiyi “Qarabağ Müdafiə Şahinləri” batalyonunun döyüşçülərindən bir neçəsi ilə şəxsən özüm əlaqə saxladım. Yeri gəlmişkən, bu batalyonun yaradıcısı və komandiri rəhmətlik Yaqub Rzayev (el arasında “Qatır Məmməd” və ya “Ala Yaqub” deyiblər - red.) olub. Onlar Natiqi dəqiq xatırlamadıqlarını bildirdilər. Amma bu yaxınlarda “Qarabağ Müdafiə Şahinləri” batalyonunun tanınmış döyüşçüləri mənə zəng edərək bəzi mətləbləri açıqladılar. Onların sözlərinə görə, həmin döyüşdə Natiqdən başqa altı nəfər – Ağayev Yusif (Bakı şəhəri), Rəhimli Elman (Bakı şəhəri), Etibar (Bakı şəhəri, Nizami rayonundandır, soyadı hələ məlum deyil), Cəfərov Vilayət (Beyləqan rayonu), Məmmədov Əli (Beyləqan rayonu), Məhərrəmov Nüşirəvan (Bərdə rayonu) şəhid olublar.
Rey Kərimoğlu onu da qeyd etdi ki, “Qarabağ Müdafiə Şahinləri”nin döyüşçüləri mətbuatda, sosial şəbəkələrdə yalnız Natiq Qasımovun adının çəkilməsinə etiraz edirlər. "Onlar deyirlər ki, orada şəhid olan altı şəhidin ruhu narahat olur! Döyüşçülər onu da deyiblər ki, orada şəhid olanlardan biri Yusif Ağayev xüsusi qəhrəmanlıq göstərib. Vitali Balasayan Yusifin (ermənilər Yusifin üzərində o şəhid olandan sonra xüsusi amansızlıq törədiblər) cəsədini Azərbaycana verəndə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırova deyib ki, bu əsgərinizi 19 erməni öldürüb. Bəlli olub ki, Yusif ermənilərə təslim olmayıb, sona qədər döyüşüb, sonra pulemyotun qundağını yerə, lüləyini isə çənəsinə dirəyərək ayaq barmaqları ilə tətiyi çəkərək şəhid olub. Güllə onun başını dağıdıb...Əslində altı nəfər şəhid olmamışdan əvvəl oradan üç nəfər yaralandıqları üçün ərazidən çıxarılıb. Onlar bu gün sağdır. Teymur, Şahin və digər bir nəfər..."
“Qarabağ Müdafiə Şahinləri” batalyonunun döyüşçüləri deyir ki, yaxşı olar ki, mətbuat onları da dinləsin”, – deyə Rey Kərimoğlu bildirib.
QAZİLER.AZ