Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.
Qaziler.az xəbər verir ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdə keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.
Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olmuş, işğal və təcavüzün nəticələrini aradan qaldırmamışdır.
Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirmədi. Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmamışdır, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi.
Prezident İlham Əliyev qeyd etdi ki, artıq bu məsələlər keçmişdə qaldı. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var. Dövlətimizin başçısı vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplər təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb.
Görüşdə qeyd olundu ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.
*****
11:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.