9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub -FOTO

9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub -FOTO backend

9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

QAZİLER.AZ  Lent.az-a istinadən xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Rusiyanın Azərbaycandakı səfiri Mixail Nikolayeviç Yevdokimov, Mətbuat Şurasının sədri Rəşad Məcid və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli Ermənistanın işğal dövründə Qarabağda kitabxanalarımıza və kitab fonduna vurduqları zərərlərdən danışıb.

Ombudsman Səbinə Əliyeva isə çıxışı zamanı ermənilərin bu illər ərzində törətdiyi cinayətlərin kitablar formasında nəşr edilməsini, onların kütləvi yaddaş təbliğatı olmasının vacibliyini qeyd edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid Beynəlxalq sərgilərin keçirilməsi baxımından artıq başqa ölkələrin Azərbaycan təcrübəsindən yararlanmaq istəməsinə diqqət çəkib.

Çıxışlar bitdikdən sonra sərgi açıq elan olunub.

Qeyd edək ki, noyabrın 15-dək davam edəcək sərgidə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Sərginin Təşkilat Komitəsində 30-dan çox xarici və yerli təşkilatın iştirak müraciəti nəzərdən keçirilir.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənətinin və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər keçiriləcək. Eyni zamanda Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgidə iştirak edəcəklər.

Eyni zamanda, Türkiyə Respublikası görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş sərbəstdir.

 

 

Diaspora