İmişli İcra Hakimiyyətində sənəd saxtalaşdırılması – QAZİYƏ QARŞI

İmişli İcra Hakimiyyətində sənəd saxtalaşdırılması – QAZİYƏ QARŞI backend

Qarşılaşdığı problemi ilə bağlı Qaziler.az saytına müraciət edən Tariel Adışirin oğlu Şirinli 1955-ci İmişli rayonunda anadan olub. 2-ci qrup Qarabağ əlilidir. Ali təhsillidir. Evlidir, iki qız övladı var. Ailə dörd nəfərdən ibarət olsa da evsiz olduqlarına görə dağınıq yaşayırlar. O, 1992-ci il martın 19-dan 1993-cü ilə qədər Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Xalq arasında “Küdrü qartalları” kimi tanınan İmişli könüllü dəstəsinin komandiri olub. Hal-hazırda heç bir yerdə işləmir, kirayədə yaşayır. Növbədənkənar mənzil təmin olunması ilə bağlı dəfələrlə aidiyyatlı qurumlara müraciət etsə də heç bir nəticəsi olmayıb.

Şikayətçi 2009-cu ildə İmişli İcra Hakimiyyətinin mənzil komissiyasına müraciət edərək güzəştli şəxs kimi mənzilə təmin olunmasınıxahiş edib. Lakin icra hakimiyyətindən onun müraciətinə heç bir rəsmi cavab verilməyib. Sonradan məlum olub ki, Tariel Şirinlinin adı nəinki növbədən kənar, ümumiyyətlə, güzəştli şəxslər üçün nəzərdə tutulan mənzil növbəsinin siyahısında yoxdur. Qarşılaşdığı problemlə bağlı, Azərbaycan Respublikasının Ombudsmanına, o cümlədən, digər müvafiq dövlət təşkilatlara müraciət edib. Əsalı bir cavab ala bilməyən T.Şirinli Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciətdən sonra isə məlum olub ki, onun növbədənkənar mənzillə təmin edilməsi üçün müraciət etdiyi ərizə İmişli rayon İcra Hakimiyyətində dəyişdirilib. Əvəzində güzəştli şəxslər üçün mənzil növbəsinə dayanmaq üçün ərizə yazılıb.



Bundan sonra əlil üçün ötür-ötür oyunu başlayıb. Yəni o, ərizəsinin dəyişdirilməsi ilə bağlı qaldırdığı iddia mümkünsüz sayılaraq məhkəmə tərəfindən təmin edilməyib. Müraciət olunan Apelyasiya Məhkəməsi ərizəni baxılması üçün yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə qaytarıb. Tariel Şirinlinin bu dəfə ərizəsinin dəyişdirilməsinə hüquqi qiymət verilməsi üçün İmişli rayon prokuroruna müraciəti də nəticəsiz olub. Çünki prokuror da işi Şirvan İqtisadi Məhkəməsinə qaytarıb. Bundan sonra Qarabağ əlili ərizəsinin dəyişdirilməsinə etiraz olaraq xəttin ekspertizaya göndərilməsi, işə hüquqi qiymət verilməsi xahişi ilə 22 dekabr 2014-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edib. Buradan da 29.12.2014-cü ildə müraciətə baxılması ilə bağlı bildiriş göndərilib. Onlar da işi yenidən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə göndərib. Ən maraqlısı odur ki, adıçəkilən ərizə baş prokurorluqda qeydiyyata alınmayıb. (?!) Şikayətçi belə deyir!

Qeyd edək ki, T.Şirinli İmişli rayon İcra Hakimiyyəti və digər dövlət orqanlarında Qarabağ əlillərinə, şəhid ailələrinə qarşı saxtakarlıqları, qanunsuzluqları ilə bağlı redaksiyamıza bir sıra sənədlər təqdim edib. Hazırda araşdırma aparırıq, bununla bağlı materialları da sizə təqdim edəcəyik.

QAZİLER.AZ

Diaspora