Beynəlxalq Müəllim Günü Biləsuvarda təntənə ilə qeyd olunub. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov bildirib ki, rayonun 36 ümumtəhsil məktəbində 13 mindən çox şagird təhsil alır. Son illərdə təhsildə müşahidə olunan müsbət meyillər dövlətin bu sahəyə qayğısı və gərgin müəllim əməyinin nəticəsidir. Bu il 200 məzunun tələbə adını qazanması, onlardan 21 nəfərin 600, 41 nəfərin 500-dən yuxarı bal toplaması rayon təhsil işçilərinin gələcəkdə daha böyük uğurlara imza atacaqlarını deməyə əsas verir.
Bayram münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev dövlətin müəllim əməyinə yüksək qiymət verdiyini, müəllim adının cəmiyyətimizdə həmişə uca tutulduğunu söyləyib. M.Quliyev dövlətimizin başçısının tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 14 yeni məktəb binasının tikildiyini, 6 məktəb binasının isə əsaslı təmir olunduğunu vurğulayıb. Qeyd olunub ki, təkcə bu il Fondun təşəbbüsü ilə rayonda 100 və 200 yerlik uşaq bağçaları üçün yeni binalar istifadəyə verilib.
Sonda təhsildə fərqlənən müəllimlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
X X X
Neftçala rayonunun təhsil işləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək Neftçalanın 51 ümumtəhsil məktəbində 9 min 500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1320 müəllimin məşğul olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Builki məzunlardan 192 nəfərin ali məktəblərə qəbul olunması, 58 nəfərin 500, 15 nəfərin 600 baldan yuxarı nəticə göstərməsi bunun bariz nümunəsidir.
Rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova bayram münasibətilə müəllimləri təbrik edib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı ilə son illərdə rayonda 10 yeni məktəb binası inşa olunub, 4 məktəb binası əsaslı təmir edilib. Əsaslı təmir olunan 810 yerlik Aşağı Surra kənd orta məktəb binası üçün 10 əlavə sinif otağı da tikilib və bu il istifadəyə verilib.
Tədbirdə çıxış edən müəllimlər təhsilə, elmə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda qabaqcıl müəllimlərə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
X X X
Beynəlxalq Müəllim Günü münasibətilə Salyanda keçirilən tədbirdə isə təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyindən danışılıb.
AZƏRTAC xəbər verir ki, əlamətdar gün münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov və təhsil şöbəsinin rəhbər işçiləri 7 nömrəli şəhər məktəb-liseyin təqaüddə olan fizika müəllimi Məhəmməd Ağayevin evində olub, onunla çay süfrəsi arxasında söhbət edib, bayram hədiyyəsi veriblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsi müdirinin müavini Xudaverdi Piriyev bildirib ki, rayonda 17 min 959 min şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim ötən tədris ilini müsbət göstəricilərlə başa vurub. Məzunlardan bir nəfəri qızıl medal alıb, 360 nəfəri ali məktəblərə qəbul olunub, 26 nəfər 600-dən çox bal toplayıb. Əldə edilən nailiyyətlərin daha da artırmağın mümkünlüyünü vurğulayan X.Piriyev rayonda tədris prosesinin müasirləşdirilməsi, təhsildə tətbiq olunan yeni texnologiyaların vacibliyini də diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, rayonda təhsil ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən danışıblar. Qeyd olunub ki, son dövrlər rayonda 10 məktəb üçün yeni bina və əlavə korpuslar tikilib, 13 məktəb binasında əsaslı təmir işləri aparılıb.
Diqqətə çatdırılıb ki, 3 şagird bu tədris ilində “Olimpiya diplomu” alıb, bir məktəb “İlin məktəbi”, iki müəllim “İlin müəllimi” müsabiqəsinin qalibi olub.
Pedaqoji kollektivlərin nümayəndələri ölkədə təhsilin inkişafına və müəllim əməyinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun qabaqcıl müəllimlərinin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim olunub.