Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il üçün hazırlıq planına müvafiq olaraq Sumqayıt şəhərində "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, şəhər Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, şəhərin mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Əvvəlcə, Sumqayıt şəhərində təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayaraq fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Sumqayıt şəhərində təşkil olunan kompleks təlimin əhəmiyyətindən danışan V. Fətullayev qeyd edib ki, şəhər ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı və digər mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Həmçinin, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsiredici zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirlərini yerinə yetirilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 182 nəfər şəxsi heyət və 42 ədəd texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.