Bu ilin 9 ayı ərzində paytaxtda ümumilikdə 32 min 484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52,9 faizini təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8427 müqavilə), 2 saylı Sumqayıt (3318 müqavilə), 5 saylı Xaçmaz (3000 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (2722 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.
Dövlət Xidmətindən Trend-ə bildirilib ki, hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93,4 faizi bu 3 ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (13 müqavilə), 14 saylı Şamaxı (21 müqavilə) və 11 saylı Şəmkir (24 müqavilə) ərazi idarələridir.
Girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.
Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (166 müqavilə) və 8 saylı Cəlilabad (176 müqavilə) ərazi idarələridir.