Son bir ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı 81,6 min və ya 4,7 faiz artıb.
QAZİLER.AZ Trend-ə istinadən bildirir ki, oktyabrın 1-i tarixinə ölkə üzrə 1 milyon 813 min 531 abonent içməli və tullantı su xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Onların 1 milyon 741 min 155-i və ya 96 faizini əhali, 72 min 376-sı və ya 4 faizini isə qeyri-əhali qrupu təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 77 min və ya 4,6 faiz, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 4,5 min və ya 6,7 faiz artıb.
Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti kooperativlərində yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Oktyabrın 1-i tarixinə “Azərsu” ASC abonentlərinin 89,5 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.