Azərbaycanlı müğənni “Ankara Marşı”nı yeni üslubda təqdim edib - VİDEO

Azərbaycanlı müğənni “Ankara Marşı”nı yeni üslubda təqdim edib - VİDEO backend

“2018-ci ildə bacım qızı Aylanın israrı ilə kinoteatrda ailəlikcə “Ayla” adlı filmi izlədik. Bütün tamaşaçıların göz yaşları sel kimi axırdı. Çox təsirli idi. Orada səslənən “Ankara Marşı” bütün fikirlərimə hakim kəsildi”.

“Report” xəbər verir ki, bunu “Ankara Marşı”nı yeni tərzdə ifa edən azərbaycanlı bəstəkar-müğənni Rəşad İsmayıl bildirib.

O qeyd edib ki, ifasını Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edib: “29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən Türkiyə Cümhuriyyəti elan edildi. Respublikanın yaradılmasının 10-cu ildönümündə şair Mehmet Ali Ertekin “Ankara” adlı şeir səsləndirdi. Buna biganə qalmayan bəstəkar Halil Bedii Yönetken isə həmin şeirə mahnı yazdı.

Həmin mahnını mən ilk dəfə “Ayla” filmində dinlədim və çox sevdim. Film Türkiyə əsgərlərinin Cənubi Koreyada müharibədə iştirakından bəhs edir. Orada bir türk əsgər müharibədən sonra dağıntılar altından beş-altı yaşında bir koreyalı qızı çıxarır. Qız türkcə başa düşmür deyə adını deyə bilmir, onun adını həmin əsgər Ayla qoyur və ona qızı kimi baxır”.

Müğənni bildirib ki, mahnı üçün klipin çəkilişləri bu ilin avqust-sentyabr aylarında Türkiyənin paytaxtı Ankarada, eləcə də İstanbul şəhərində baş tutub: “Oktyabrın 29-da Türkiyə Respublikasının yaradılmasının 100 ili tamam olur. Bildiyiniz kimi, Azərbaycanda mən vətənpərvər mahnıların ifaçısı kimi tanınıram. Qardaş ölkə Türkiyənin bu əlamətdar gününə biganə qala bilmədim. Böyük sevgi və qürurla bu layihəni həyata keçirdim. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Yaşasın böyük türk dünyası!”.

Diaspora