“Müasir dünyada hər bir dövlətin iqtisadi qüdrəti onun dağ–mədən sənayesinin inkişafı ilə sıx bağlıdır. Bu sənaye müasir Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu sahə ölkədə sənaye və digər istehsal sahələrinin formalaşması və fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Geologiya-Mədənçilik Forumunda çıxış edərkən deyib.
Millət vəkili qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında aparıcı istiqamətlərdən birinə çevrilməklə, dağ–mədən sənayesi Azərbaycanın iqtisadi cəhətdən də dünyadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək qədər müxtəlif faydalı qazıntı yataqları mövcuddur. O, bu sahənin inkişafından söhbət açarkən qara metal filizi yataqlarının işlənməsinin önəmini də ayrıca qeyd etmək lazım olduğunu deyib. Respublika ərazisində kifayət qədər faydalı qazıntı ehtiyatları olduğunu bildirən S.Qurbanov iqtisadiyyatın mineral xammal istifadəsinə əsaslanan bütün sahələrinin stabil inkişafını və ona olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradıldığımı vurğulayıb.
Millət vəkili çıxışında daha sonra Azərbaycanın təbii sərvətlərinin tarixi haqqında məlumat verib.
Komitə sədri deyib ki, ölkələrin təbii sərvətləri hər zaman öz xalqına xoşbəxtlik gətirmir. O, misal kimi Fransanın müstəmləkəsində olan bəzi Afrika ölkələrinı göstərib: “Biz isə öz sərvətlərimizin sahibiyik. Ölkəmizin mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investisiyaları cəlb etməklə yaxın gələcəkdə dağ-mədən sənaye məhsulları və xammalının dünya bazarına inteqrasiya olunmasına geniş imkanlar yaradıb. Prezident, cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi və onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi nəzərdə tutulub”.
S.Qurbanovun sözlərinə görə, yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin əsas hissəsi olmaqla hər bir ölkənin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyən edən amillərdən hesab olunur. “Bu baxımdan Azərbaycan geoloqlarının fədakar əməyi sayəsində respublika ərazisində yaradılmış mineral-xammal bazasının mövcud vəziyyəti və perspektivləri ölkəmizdə dağ-mədən sənayesinin inkişaf etdirilməsinə milli və xarici investorların cəlb olunması ilə dünya sənayesinə inteqrasiya olunmaq üçün geniş imkanlar açıb. Bu illərdə Azərbaycanın zəngin təbii ehtiyatlarının təbliği və beynəlxalq ictimaiyyətin marağına çatdırılması üçün maarifləndirici addımlar da atılıb”, -millət vəkili vurğulayıb.
Komitə sədri çıxışında deyib ki, Prezident İlham Əliyevin banisi olduğu dağ-mədən sənayesinin inkişaf istiqamətləri və bu sahədə uğurlu fəaliyyətin təmin edilməsi üçün qəbul olunan bir sıra qanunvericilik sənədləri və dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. “Beləliklə, xüsusu qeyd olunmalıdır ki, müasir çağırışlar nəzərə alınmaqla son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir. “30 il ərzində Ermənistanın əsarətində olan tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bu əzəli bölgələrimizdə yenidənqurma, bərpa-tikinti işlərinə başlanılıb. Tezliklə işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək”, - o qeyd edib.
Sadiq Qurbanov çıxışının sonunda vurğulayıb ki, ötən 20 ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri qeyri-neft sektorunda qeydə alınıb: “Bu da təsadüfi deyil. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında neftdənkənar iqtisadiyyatın inkişafı davamlı olaraq diqqət mərkəzində saxlanılıb və bu məqsədlə silsilə tədbirlər görülüb. Yüksək infrastruktur təminatı, ardıcıl səciyyə daşıyan islahatlar, həmçinin neft gəlirlərinin məqsədyönlü şəkildə iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi, innovativ texnologiyalarla işləyən yeni istehsal müəssisələrinin yaradılması, sənaye xəritəsinin regionlara doğru genişləndirilməsi və digər belə tədbirlər öz müsbət nəticələrini verib”.
“AzPolitika.info”