Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib

Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib backend

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib.

Bu barədə Qaziler.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, infoturda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması sahəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri və fotoqraflar iştirak ediblər.

Qonaqlar ərazilərin 30 ilə yaxın müddətdə işğal altında saxlandığı dövrdə orada törədilən dağıntılar və vandalizm aktlarını müşahidə edib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, irimiqyaslı layihələrlə də tanışlıq olub. İnfotur iştirakçıları Füzuli şəhərində yeni salınan yaşayış məhəlləsində, Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq tikilmiş 960 yerlik məktəbdə olub, Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələrinə yeni mənzillərin açarlarının verilməsi mərasimində iştirak edib, sakinlərin fikir və rəylərini öyrəniblər. Dövlət Komitəsinin nümayəndələri köçürülmənin gedişi, məskunlaşdırma və reinteqrasiya tədbirləri barədə onlara ətraflı məlumat veriblər.

İnfotur iştirakçılara ərazilərin abadlaşdırılması, əsl cənnətə çevrilməsi üçün dövlət tərəfindən həyata keçirilən işlərin dəyərini, miqyasını anlamaq imkanı verib.

Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcək.

Diaspora