Oktyabrın 8-9-da Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstan Prezidenti Rosen Plevneliyevin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” adlı konfrans təşkil olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iki gün ərzində Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə ediləcək.
Konfransda miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Avropa İttifaqı ölkələrinin Bolqarıstan, Rumıniya, Serbiya, Makedoniya, Macarıstan, Bosniya və Herseqovinanın hökumət rəhbərləri və sabiq prezidentləri iştirak edəcəklər. Müzakirələrə Latviya, Polşa, Albaniya, Monteneqro, Moldova, Slovakiya, Ukrayna və Türkiyə daxil olmaqla digər dövlətlərin də nümayəndələrinin qoşulması gözlənilir. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, eyni zamanda mərkəzin Qəyyumlar Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iştirakı da nəzərdə tutulub.
Konfransda Avropanın kökü Yaxın Şərqdəki qaçqın böhranına söykənən hüquqi, humanitar problemlərinin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həlli yolları axtarılacaq, təkliflər irəli sürüləcək.
Konfransda müzakirə ediləcək problemlərlə bağlı konsensusun əldə olunması və cari məsələlərə dair iştirakçıların həmrəyliyini əks etdirən birgə bəyannamənin qəbulu gözlənilir.
Qeyd edək iki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Bakıda insanlar və mədəniyyətlər arasında tolerantlığı, anlaşmanı möhkəmləndirmək məqsədilə təsis edilib. Mərkəz nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində dünyanı narahat edən qlobal problemlərə həsr olunmuş beynəlxalq toplantılar təşkil edib. Bu tədbirlərə onlarla hazırkı və sabiq dövlət, hökumət başçısı, həmçinin ictimai xadimlər, elm adamları qatılıb.