Sahibkarlara 13 mln. manata yaxın kredit verilib

Sahibkarlara 13 mln. manata yaxın kredit verilib backend

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lerik rayonunun Hamarmeşə kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 70-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində 583 sahibkara 12,6 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

O qeyd edib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 189 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,2 mln. manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 10500-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.

Ş. Abdullayev bildirib ki, kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditləri daha asan almaları və fermerlər arasında kooperasiya münasibətlərini inkişaf etdirmək məqsədilə bank olmayan kredit təşkilatları ilə əməkdaşlıq genişləndirilir. Bununla əlaqədar olaraq, forumda iştirak edən Lerik rayonunda fəaliyyət göstərən bank olmayan kredit təşkilatının fondla əməkdaşlıqla bağlı müraciətinə qanunvericiliyə uyğun baxılacağı bildirilib.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 507,5 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Diaspora