Türkiyədə Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
QAZİLER.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ümraniyə bələdiyyəsinin ev sahibliyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Qaqauziya, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Monqolustan və Özbəkistandan nümayəndə heyətləri iştirak edib.
Ölkəmizi iclasda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının məsul əməkdaşı Rövşən Məmmədov təmsil ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən TDBB-nin Baş katibi Fəxri Çolak təşkilatın iyirmi illik yubiley ilindəki fəaliyyətinə toxunaraq, türkdilli ölkələrdə formalaşan yerli qurumların qarşılıqlı əlaqələrinin yaranmasında TDBB-nin mühüm rolundan danışıb. Qurumun indiyədək həyata keçirdiyi layihələrindən söz açan Baş katib qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimizin bütün sahələrdə münasibətlərinin qardaşlıq prinsipləri əsasında qurulduğunu bildirib. Qeyd olunub ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri getdikcə dərinləşməkdədir. Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan T.Tağıyev bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”. O qeyd edib ki, iki qardaş ölkə şad günündə də, kədərli günündə də bir-birinin yanındadır.
T.Tağıyev deyib ki, Azərbaycan bələdiyyələri bundan sonra da təşkilatın işində yaxından iştirak etməklə onun fəaliyyətinə töhfəsini verməyə hazırdır.
İclasda İdarə Heyətinin digər üzvləri də çıxış edərək, fikir və mülahizələrini bölüşüblər.