Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTO

Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verildi - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 50 mənzil təqdim edilib.

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, 20 oktyabr - Zəngilan şəhəri günündə 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi tədbirlərini qeyd edib.

 

Bildirilib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb və ötən dövrdə uğurla davam etdirilib.

 

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

 

Postmüharibə dövründə 5 350, ümumilikdə ötən dövrdə 14 150 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

 

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Diaspora