Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində "SABIS Sun" beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.
APA TV-nin məlumatına görə, “Azersun Holding” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Prezident İlham Əliyev "SABIS Sun" beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, "SABIS Sun" beynəlxalq məktəbi və inzibati bina inşa olunub. Burada müəllim kollektivinin fəaliyyəti üçün ən yüksək şərait var. Məktəb kompleksinin növbəti mərhələləri üzrə də inşaat işləri uğurla davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin uşaq bağçasında və "SABIS Sun" beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxıb.
Sonra dövlət başçısı və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəliblər. Binada idman avadanlığı mağazası var. Qolf klubunun binasında prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Kolin Montqomerie bildirib ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Sonra Kolin Montqomerie prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib. Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb.
Dövlət başçısı tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.