Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışıb.
QAZİLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev bunu TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir: “Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir”.