Şərurda Vətən müharibəsi şəhidinin büstü qoyulub

Şərurda Vətən müharibəsi şəhidinin büstü qoyulub backend

Şərur rayonunda 44 günlük Vətən müharibəsində itkin düşən şəhid leytenant İbrahim Vəlizadənin büstü qoyulub.

"Report"un yerli bürosu xəbər verir ki, Şərur rayon Şəhidlər xiyabanında şəhid leytenant İbrahim Vəlizadənin büstünün açılış mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Pənah Mehdiyev bildirib ki, Şərur rayonunun Vərməziyar kəndindən olan şəhid leytenant İbrahim Vəlizadə haqq savaşımızda qəhrəmanlıq və igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb.

Sonra qəhrəman şəhidimizin ölümündən sonra aldığı “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları onun valideynlərinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Birinci və İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində Şərurun qəhrəman övladlarının böyük rəşadət göstərdiklərini vurğulayıblar.

Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, büstün açılışı olub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, leytenant İbrahim Vəlizadə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək itkin düşüb. Uzunmüddətli axtarışlar nəticə vermədiyindən ona şəhid statusu verilib.

Diaspora