“Naxçıvanda Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” layihəsi çərçivəsində respublikanın regionlarında tələbə - professor heyətinin, alimlərin iştirak etdiyi elmi – praktiki seminarlar davam etməkdədir. Bakı Politoloqlar Klubunun təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti belə tədbir Naxçıvan Muxtar Respublikasında baş tutub. Naxçıvan Dövlət Universitetində keçirilən elmi – praktiki konfransda Naxçıvan şəhər professor – müəllim heyəti, alimləri, ictimai–siyasi fəal gənclər, tələbələr iştirak ediblər.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları və iştirakçıları salamlayaraq, mövzunun aktuallığına toxunub, regionlarda bu mövzuda həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Rektor ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini qeyd edərək Naxçıvan Dövlət Universitetində də bu istiqamətdə tədqiqat işlərinin aparıldığını bildirib.
“Tarixi Azərbaycan torpaqlarına qayıdış – milli prioritetimizdir: Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda çıxış edən layihə rəhbəri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov layihə çərçivəsində hazırlanan, respublikanın tanınmış elm adamlarının iştirakı ilə ərsəyə gətirilən “Qərbi Azərbaycan : tarixi – siyasi aspektlər” adlı məqalələr toplusunu Naxçıvan auditoriyasına təqdim edib.
Sonra Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun “Qərbi Azərbaycana qayıdış: beynəlxalq hüquqi əsasları və müasir çağırışlar kontekstində” mövzusunda məruzəsi dinlənilib. Millət vəkili Qayıdış konsepsiyasının hüquqi – siyasi əsasları haqqında geniş məlumat verərək bu istiqamətdə aparılan işlərə aydınlıq gətirib.
YAP Naxçıvan şəhər təşkilatının sədri, NDU–nun dosenti Elman Cəfərli “Qərbi Azərbaycan, Naxçıvan irsinin qorunmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış edib.
Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev “Ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlıların deportasiyası tarixi və Ulu Öndər Heydər Əliyevin deportasiya ilə bağlı bəyanatları, qərarları” mövzusunda çıxışı zamanı bu istiqamətdəki hadisələri xronoloji ardıcıllıqla qeyd edərək, erməni dövlətinin yaranması, daha sonra azərbaycanlıların başına gətirilən etnik təmizləmə, deportasiya faktorlarını iştirakçıların nəzərinə çatdırıb.
Daha sonra konfrans interaktiv formada davam edib. Alimlər, ziyalılar və gənc fəallar mövzu ilə bağlı öz fikirlərini bildirərək, iştirakçıların sualları cavablandırılıb.