Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, görüşdə agentliyin əməkdaşları, hərbi ekspertlər, QHT nümayəndələri və müharibə veteranları iştirak edib.
Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, qəhrəman hərbçilərimizin göstərdikləri şücaətlərdən bəhs olunub. Həmçinin Vətən müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək proqramı çərçivəsində görülən işlər qeyd edilib.
Bildirilib ki, bu proqram çərçivəsində aparılan işlərin bir istiqaməti olaraq şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 49,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1 990 şəxs 43,1 min reabilitasiya vasitəsi, o cümlədən 439 hərbçi 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
QHT nümayəndələri müəssisədə əlilliyi olanlara, habelə müharibə ilə əlaqədar əlilliyi olanlara göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.
Reabilitasiya kursu keçən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.