Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakı şəhərində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən tanınmış alim və mütəxəssislərlə görüşüb.
Azərbaycanı xarici ölkələrdə, diasporumuzu isə Konqresdə uğurla təmsil edən alimlərə minnətdarlıq bildirilib, iştirak etdikləri möhtəşəm tədbirin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin tapşırığı əsasında xaricdəki Azərbaycan icmaları ilə əlaqələrin daha da intensivləşdiyi, Komitənin xətti ilə xarici ölkələrdə müxtəlif sahələr üzrə ixtisaslaşmış forum və görüşlərin, o cümlədən azərbaycanlı alimlərin forumlarının təşkil olunduğu diqqətə çatdırılıb. Komitənin gerçəkləşdirdiyi “Beyin qazanma” proqramı barədə qonaqlara ətraflı məlumat verilib, xaricdəki nüfuzlu azərbaycanlı alimlərin bilik və bacarıqlarının yeni nəslin inkişafına cəlb olunmasında həmin proqramın ciddi rol oynadığı nəzərə çatdırılıb.
Qonaqlar Beynəlxalq Astronavtika Konqresinin təşkilinə və bu mötəbər tədbirdə iştiraklarının təmin olunmasına görə minnətdarlıq edib, elmin inkişafı naminə əllərindən gələni əsirgəməyəcəklərini ifadə ediblər. Soydaşlarımız “Biz xaricdə yaşasaq da, Azərbaycan üçün varıq və bütün uğurlarımızın əsası öz ölkəmizdə qoyulub” deyərək ana vətənə sevgi və minnətdarlıq hisslərini çatdırıblar.
Qeyd edək ki, görüşdə iştirak edən diaspor nümayəndələri öz sahələrində böyük uğur qazanmış şəxslərdir. Belə ki, Beynəlxalq Astronavtika Konqresində xaricdəki alimlərimizi təmsil edən Prof. Dr. Nazim Muradov ABŞ-ın Mərkəzi Florida Universitetinin Günəş Enerjisi Mərkəzində Hidrogen Energetika üzrə qrup rəhbəridir. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi Kosmos İdarəsinin “Space Shuttle Endeavour” missiyası zamanı uğurla sınaqdan keçirilən unikal hidrogen sensorunun hazırlanmasında iştirak edib, görkəmli alimin təmsil olunduğu komanda R&D100 mükafatına layiq görülüb.
İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev 2019-2020-ci illǝrdǝ öz sahǝsi üzrə dünyanın ǝn nüfuzlu 100 alimi siyahasında yer alan və SCOPUS-da H indeksi 42 olan ilk azərbaycanlı alimlərdəndir.
İstanbul Texniki Universitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev Beynəlxalq Naviqasiya və Hərəkətin İdarə Edilməsi Akademiyasının həqiqi üzvü seçilib, Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu elm adamları”nın sirasında yer alıb.
Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova məşhur “Capella Space” şirkətinin meneceridir.
Görüşdə tanınmış alim Nazim Muradova dövlət başçısı tərəfindən verilən “Tərəqqi” medalı təqdim edilib.
Qeyd edək ki, son illər xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin genişlənməsi alimlərimizlə bağlı zəngin informasiya bazasının yaradılması, Komitənin bu sahədə xüsusi layihələr həyata keçirməsi, müxtəlif ölkələrdə azərbaycanlı alimlərlə xarici alimlərin birgə iştirak etdiyi elmi konfranslar və forumların təşkil olunmasının məntiqi nəticəsidir.